EKOL da su təmizləmə sistemlərinin təqdimatı həyata keçirilmişdir

AQUALINK şirkəti təmsil etdiyi Niderland Krallığının "Nijhuis İndustries" şirkətinin nümayəndə heyəti ilə "Ekol Mühəndislik Xidmətləri" QSC-də görüş keçirilmişdir

Noyabrın 25-də, QSC-nin baş ofisində "Aqualink" şirkətinin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə  Hollandiyanın  "Nıjhuıs Industries" su texnologiyaları  şirkətinin  nümayəndələri ilə görüş keçirilmişdir. "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktorunun SƏTƏM üzrə müavini Rəşad İsmayılov, əlaqədar departament və şöbə rəisləri, həmçinin "Aqualink" şirkətinin rəhbərliyinə, "Nijhuis Industries" şirkətinin Rusiya filialının rəhbəri Dmitriy Molokanov və digər əlaqədar  mütəxəssislər görüşdə  iştirak etmişlər.  Rəşad İsmayılov  qonaqları salamlayaraq,  onlara  QSC haqqında qısa  məlumat vermiş və   sözü qonaqlara təqdim etmişdir.

Aqualink şirkəti rəhbəri səmimi qəbula görə QSC rəhbərliyinə öz minnətdarlığını bildirmiş və qonaqları təqdim edərək  görüşün məqsədi barədə iştirakçılara məlumat vermişdir. Sonra söz  suların təmizlənməsi texnologiyalarının  prezentasiyasını  keçirmək üçün "Nijhuis Industries" şirkətinin nümayəndəsi Dmitriy  Molokanova təqdim olunmuşdur.

Dmitriy Molokanov "Nijhuis Industries" şirkətinin çirkab suların,  xüsusilə sənaye çirkab axıntı sularının təmizlənməsi sahəsində   tanınmış  bir şirkət olaraq  100 ildən artıqdır ki,  fəaliyyət göstərdiyini iştirakçıların diqqətinə çatdırmışdır.  O, təmsil etdiyi şirkətin dünyanın bir çox ölkələrində, həmçinin MDB dövlətlərində və Azərbaycanda  analoji layihələrin uğurla həyata  keçirdiyini qeyd etmişdir. Dmitriy  Molokanov sənaye-çirkab axıntı sularının üç mərhələli sistemlə təmizlənməsi texnologiyaları, eləcə də  istifadə olunan qurğu və avadanlıqların iş prinsipi  haqqında video materialları görüş iştirakçılarına  təqdim etmiş və ətraflı izahat vermişdir. 

Sonra mövzu ətrafında geniş müzakirələr aparılaraq bir sıra texniki məsələlərə aydınlıq gətirilmiş və bu texnologiyaların "Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyət sahələrinə tətbiq edilməsinin  mümkün variantları barədə fikir mübadiləsi aparılmışdır.

Sonda qərara alınmışdır ki, "Nıjhuıs" şirkətinin nümayəndələri QSC-nin Tullantıların Emalı Departamentinin  xidmət sahələrində olsunlar və mövcud şəraiti yerindəcə qiymətləndirərək konkret təkliflər  hazırlayıb təqdim etsinlər.

Bununla da görüş  qarşılıqlı  anlaşma şəraitində başa çatmışdır.