Bakıda keçiriləcək IV Su İnnovasiya Forumu barədə Azərtac-da yayımlanan reliz

Bakıda keçiriləcək IV Su İnnovasiya Forumu barədə Azərtac-da yayımlanan reliz

Sentyabrın 26-da “Aqualink” MMC-nin təşkilatçılığı və “Caspian Energy Club”ın baş “networking” tərəfdaşlığı ilə IV Su İnnovasiya Forumu keçiriləcək. Bu barədə “Aqualink” MMC-nin icraçı direktoru və “Su İnnovasiya Forum”un sədri Orxan Mikayıl bildirib. Qeyd edib ki, “Gələcək üçün su” şüarı ilə keçiriləcək IV Su İnnovasiya Forumunun əsas məqsədi ölkəmizdə su və ətraf mühit mövzularında geniş təcrübələrin mübadiləsi, beynəlxalq təcrübələrin nümayişi, yerli sahibkarlarla dövlət və xarici tərəfdaşların əməkdaşlığının dərinləşdirilməsi, eyni zamanda, COP29 çərçivəsində su ehtiyatlarının idarə edilməsində “yaşıl çözümlərin” təqdimatıdır.

“Su İnnovasiya Forumu Azərbaycanda artıq dördüncü dəfədir ki, təşkil ediləcək. Forum öncəki illərdə sektorda sahəvi şirkətləri və texnoloji yenilikləri bir araya gətirən əhəmiyyətli platformaya çevrilib. Bu platforma sektor üzrə çalışan mütəxəssislərin, sahə üzrə ekspertlərin, dövlət qurumlarının və əsas podratçı şirkətlərin sifarişləri və gələcək inkişaf istiqamətlərində atılan addımlar haqqında danışan diskussiya mərkəzi kimi böyük rol oynayıb. Bununla yanaşı, tədbirin nəticələrindən biri hər tədbirdən sonrakı mərhələdə Azərbaycanda olan şirkət və əlaqəli şəxsləri bir araya gətirən networking və biznes platforma olmağıdır. Onu da qeyd edim ki, Su İnnovasiya Forumunda səsləndirilən şüar, çıxış, təklif və yeniliklər yekun təklif paketi şəklində hökumət nümayəndələrinə və dövlət qurumlarına yönləndirilib. Eyni zamanda, xarici şirkətlərin bu tədbir vasitəsilə ölkənin potensialını görməsi, ölkədə həyata keçirilən islahatların nəticələrini müşahidə etməsi Azərbaycana investisiya təşviqi baxımından xüsusi əhəmiyyət kəsb edir”, - deyə Orxan Mikayıl bildirib.

O əlavə edib ki, son üç foruma qatılan xarici şirkətlər bu dəfə də tədbirə yüksək maraq nümayiş etdiriblər ki, bu da öz növbəsində forumun və bu sektora olan marağın yüksək göstəricisidir: “Xarici şirkətlərin Azərbaycanda bu cür tədbirlərdə iştirakı, mütərəqqi, qabaqcıl texnologiyaların nümayişi və tətbiqi sektorda yeni canlanmalara yol açır, Azərbaycanda klassik və konvensional təmizləmə texnologiyasıyla bağlı yaranmış stereotiplərin aradan qaldırılmasına da köməklik göstərir. Su ehtiyatının formalaşması, onun idarəedilməsində beynəlxalq təcrübənin tətbiqi, müxtəlif təcrübələrin müsbət və mənfi tərəflərinin araşdırılması və elmi müzakirənin təşviqi platformanın əsas hədəflərindən biridir”.

Forumda ilk panel “Su ehtiyatlarının idarəedilməsində mütərəqqi təcrübələrin tətbiqi”nə həsr olunacaq. Paneldə, eyni zamanda, müasir su təmizləmə texnologiyaları, su idarəedilməsində effektiv və səmərəli həllər, eləcə də qabaqcıl texnologiyalar müzakirə ediləcək. İkinci panelin əsas mövzusu “İşğaldan azad edilmiş ərazilərdə su ehtiyatlarının idarəedilməsi və ekoloji təsirləri” olacaq. Üçüncü paneldə isə yerli şirkətlər, dövlət qurumları və beynəlxalq təşkilatlarla birlikdə biznes-networking görüşləri keçiriləcək.

IV Su İnnovasiya Forumu dövlət qurumlarının, yerli və beynəlxalq şirkətlərin nümayəndələrinin, aidiyyəti sahə üzrə mütəxəssislərin, Niderland Krallığının Azərbaycandakı səfirinin, eləcə də Niderland şirkətlərinin iştirakı ilə baş tutacaq.

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.

Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Orta Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılıb. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

 

Mənbə:

https://azertag.az/xeber/__bakida_iv_su_innovasiya_forumu_kechirilecek-3165814