İyul ayının
25-də Azərbaycanın su mühəndisliyi şirkəti “Aqualink” MMC ilə Çin Xalq
Respublikasının “Hunan International Communications Economic Engineering
Cooperation” (HICEC) şirkəti arasında Əməkdaşlıq Memorandumunun (Memorandum of
Cooperation) imzalanma mərasimi keçirilıb.
Tədbir “Aqualink”
MMC-nin baş ofisində təşkil edilib. Mərasimdə Çinin Hunan əyalətinin rəsmi
nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətinə Hunan Əyalətinin Xarici Əlaqələr
üzrə rəsmi nümayəndəsi xanım Su Lang başçılıq edib. Memorandumu “Aqualink” MMC
adından şirkətin təsisçisi və İdarə Heyətinin sədri Orxan Mikayıl, HICEC
adından isə şirkətin prezidenti cənab Ou Xiaoxiang imzalayıb. Səfər çərçivəsində
qonaqlar üçün Aqualink MMC-nin icra etdiyi Böyükşor ÇTQ layihə sahəsinə səfər təşkil
olunub və tərəflər arasında keçirilən işgüzar görüşdə birgə fəaliyyət istiqamətləri
barədə ətraflı fikir mübadiləsi aparılıb.
Memorandum – şirkətlər
arasında təmiz su təchizatı, kanalizasiya sistemləri, çirkab suların təmizlənməsi
və suyun dezinfeksiyası istiqamətlərində birgə fəaliyyət üçün çərçivə sənədi
xarakteri daşıyır. Sənədə əsasən tərəflər su infrastrukturu layihələrində mühəndislik
həlləri, avadanlıqların təchizatı, quraşdırılması və işə salınması, istismar və
texniki dəstək (O&M) xidmətləri, habelə monitorinq və SCADA sistemləri üzrə
əməkdaşlıq edəcəklər.
Əməkdaşlıq həmçinin
ekoloji dayanıqlı və enerji səmərəli texnologiyaların tətbiqini, dövlət və özəl
sektor tenderlərində birgə iştirak imkanlarının qiymətləndirilməsini, texniki
biliklərin və istehsalat təcrübəsinin mübadiləsi ilə mütəxəssislər üçün təlim
proqramlarını əhatə edir.
Sənədin
imzalanması Azərbaycanda su təsərrüfatı sahəsində qəbul edilmiş strateji qərarların
icrası dövrünə təsadüf edir. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il
10 oktyabr tarixli 320 nömrəli Sərəncamı ilə “Su ehtiyatlarından səmərəli
istifadəyə dair Milli Strategiya” təsdiq edilib. Sənəd 2024–2040-cı illəri əhatə
edir; birinci mərhələdə (2024–2027) su ehtiyatlarının səmərəli istifadəsi üçün
infrastrukturun və idarəetmənin təkmilləşdirilməsi prioritet elan olunub.
2026-cı ilin
yanvarında isə Bakı şəhərində və Abşeron yarımadas2ında su təchizatı, yağış və
tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün
Dövlət Proqramı təsdiqlənib. Proqram Bakı, Sumqayıt və Abşeron üzrə ümumilikdə
64 yaşayış məntəqəsini əhatə edir; təxminən 30 yeni su anbarının tikintisi, 200
km-dən çox magistral xətt və paylayıcı şəbəkənin yenidən qurulması,
kanalizasiya təminatının 95 faizə çatdırılması nəzərdə tutulub. 2030-cu ilədək
ölkənin ümumi su tələbatının təxminən 90 faizinin ödənilməsi, itkisiz su idarəetməsinə
keçid və kənd təsərrüfatında su səmərəliliyinin 95 faizə çatdırılması hədəflənir.
Bu hədəflər çirkab suların təmizlənməsi, şəbəkə itkilərinin azaldılması, təmizlənmiş suyun təkrar istifadəsi və müasir dezinfeksiya texnologiyaları üzrə geniş həcmli mühəndislik işləri tələb edir. Memorandum məhz bu istiqamətlərdə beynəlxalq təcrübənin və texnoloji resursların cəlb edilməsinə yönəlib.



