Aqualink MMC və Çinin HICEC şirkəti su infrastrukturu sahəsində əməkdaşlıq memorandumu imzalayıb

İyul ayının 25-də Azərbaycanın su mühəndisliyi şirkəti “Aqualink” MMC ilə Çin Xalq Respublikasının “Hunan International Communications Economic Engineering Cooperation” (HICEC) şirkəti arasında Əməkdaşlıq Memorandumunun (Memorandum of Cooperation) imzalanma mərasimi keçirilıb.

Tədbir “Aqualink” MMC-nin baş ofisində təşkil edilib. Mərasimdə Çinin Hunan əyalətinin rəsmi nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətinə Hunan Əyalətinin Xarici Əlaqələr üzrə rəsmi nümayəndəsi xanım Su Lang başçılıq edib. Memorandumu “Aqualink” MMC adından şirkətin təsisçisi və İdarə Heyətinin sədri Orxan Mikayıl, HICEC adından isə şirkətin prezidenti cənab Ou Xiaoxiang imzalayıb. Səfər çərçivəsində qonaqlar üçün Aqualink MMC-nin icra etdiyi Böyükşor ÇTQ layihə sahəsinə səfər təşkil olunub və tərəflər arasında keçirilən işgüzar görüşdə birgə fəaliyyət istiqamətləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Memorandum – şirkətlər arasında təmiz su təchizatı, kanalizasiya sistemləri, çirkab suların təmizlənməsi və suyun dezinfeksiyası istiqamətlərində birgə fəaliyyət üçün çərçivə sənədi xarakteri daşıyır. Sənədə əsasən tərəflər su infrastrukturu layihələrində mühəndislik həlləri, avadanlıqların təchizatı, quraşdırılması və işə salınması, istismar və texniki dəstək (O&M) xidmətləri, habelə monitorinq və SCADA sistemləri üzrə əməkdaşlıq edəcəklər.

Əməkdaşlıq həmçinin ekoloji dayanıqlı və enerji səmərəli texnologiyaların tətbiqini, dövlət və özəl sektor tenderlərində birgə iştirak imkanlarının qiymətləndirilməsini, texniki biliklərin və istehsalat təcrübəsinin mübadiləsi ilə mütəxəssislər üçün təlim proqramlarını əhatə edir.

Sənədin imzalanması Azərbaycanda su təsərrüfatı sahəsində qəbul edilmiş strateji qərarların icrası dövrünə təsadüf edir. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli 320 nömrəli Sərəncamı ilə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” təsdiq edilib. Sənəd 2024–2040-cı illəri əhatə edir; birinci mərhələdə (2024–2027) su ehtiyatlarının səmərəli istifadəsi üçün infrastrukturun və idarəetmənin təkmilləşdirilməsi prioritet elan olunub.

2026-cı ilin yanvarında isə Bakı şəhərində və Abşeron yarımadas2ında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı təsdiqlənib. Proqram Bakı, Sumqayıt və Abşeron üzrə ümumilikdə 64 yaşayış məntəqəsini əhatə edir; təxminən 30 yeni su anbarının tikintisi, 200 km-dən çox magistral xətt və paylayıcı şəbəkənin yenidən qurulması, kanalizasiya təminatının 95 faizə çatdırılması nəzərdə tutulub. 2030-cu ilədək ölkənin ümumi su tələbatının təxminən 90 faizinin ödənilməsi, itkisiz su idarəetməsinə keçid və kənd təsərrüfatında su səmərəliliyinin 95 faizə çatdırılması hədəflənir.

Bu hədəflər çirkab suların təmizlənməsi, şəbəkə itkilərinin azaldılması, təmizlənmiş suyun təkrar istifadəsi və müasir dezinfeksiya texnologiyaları üzrə geniş həcmli mühəndislik işləri tələb edir. Memorandum məhz bu istiqamətlərdə beynəlxalq təcrübənin və texnoloji resursların cəlb edilməsinə yönəlib.